Tədbiri ATMU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Vasif Muradzadə giriş sözü ilə açıb. O, çıxışında qeyd edib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətdə orqan donorluğu ilə bağlı maarifləndirməni artırmaq, insanların bu mövzuya münasibətini formalaşdırmaqdır.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədr müavini Günay Abbasova tədbirdə çıxış edərək mərkəzin fəaliyyəti, məqsədləri və əldə olunan nəticələr barədə iştirakçılara məlumat verib.
Çıxışı zamanı o, orqan donorluğunun humanist tərəfinə də toxunaraq bildirib ki, kiməsə həyat bəxş etmək hər kəsə nəsib olmur. “Biz hamımız vəfatımızdan sonra orqanlarımızı bağışlamaq qərarı verərək donor ola bilərik. Lakin ölüm halında bizə beyin ölümü diaqnozunun qoyulub-qoyulmayacağını və ya orqanlarımızın transplantasiya üçün yararlı olub-olmayacağını əvvəlcədən bilmirik. Dünya statistikasına görə, donor olmaq istəyini bildirən şəxslərin yalnız kiçik bir hissəsinin orqanları tibbi baxımdan transplantasiya üçün yararlı olur”, – deyə o qeyd edib.
Günay Abbasova əlavə edib ki, buna baxmayaraq, hər bir insanın donor olmaq qərarı gələcəkdə kiməsə həyat bəxş etmək üçün böyük ümid yaradır.
Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxışında orqan donorluğu prosesinin tibbi tərəfləri və donor müəyyənləşdirilməsi mərhələləri barədə ətraflı məlumat verib. O bildirib ki, potensial donorların müəyyən olunması xüsusi tibbi prosedurlara və dəqiq meyarlara əsaslanır.
Tədbirin sonunda interaktiv müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb. Mövzu ilə bağlı fəallıq göstərən və müzakirələrdə aktiv iştirak edən tələbələrə simvolik hədiyyələr təqdim olunub.